Haqqımızda

Qarabağ Universitetinin İncəsənət fakültəsi 2024-cü ildə təsis olunmuş və fəaliyyət göstərdiyi qısa müddət ərzində ölkənin yaradıcı və elmi mühitində özünəməxsus yer tutmuşdur. Fakültə incəsənətin müxtəlif sahələrini əhatə edən çoxşaxəli tədris istiqamətləri ilə seçilir və bu gün yüksək ixtisaslı mütəxəssislərin hazırlanması yolunda mühüm rol oynayır.
 

İncəsənət fakültəsində təhsil prosesi altı əsas istiqamət üzrə təşkil olunur: instrumental ifaçılıq, musiqi müəllimliyi, vokal sənəti, musiqişünaslıq, dizayn və dekorativ-tətbiqi sənət. Hər bir istiqamət üzrə tədris müasir proqramlar, innovativ yanaşmalar və beynəlxalq təcrübə əsasında qurulmuşdur. Bununla yanaşı, fakültənin tədris imkanlarının genişləndirilməsi məqsədilə növbəti tədris ilindən etibarən rəngkarlıq, memarlıq, dirijorluq və bəstəkarlıq ixtisaslarının da tədrisi nəzərdə tutulur.
İncəsənət fakültəsində tədris yalnız nəzəri biliklərlə məhdudlaşmır. Tələbələrin yaradıcılıq potensialının üzə çıxarılması və praktik bacarıqlarının inkişafı əsas prioritetlərdən biridir. Bu məqsədlə tələbələr müxtəlif yaradıcılıq kollektivlərində – xalq çalğı alətləri orkestri, kamera orkestri və  xor kollektivlərində iştirak edir, həmçinin sərgilər, konsert proqramları və layihələr vasitəsilə real səhnə və peşəkar mühitdə təcrübə qazanırlar.
 

Fakültə, eyni zamanda, elmi-tədqiqat fəaliyyətinə də xüsusi önəm verir. Tələbələrin analitik düşünmə, musiqi və incəsənət sahəsində araşdırma aparmaq bacarıqları inkişaf etdirilir, onların yerli və beynəlxalq layihələrdə iştirakı təşviq olunur.
Müasir maddi-texniki baza, ixtisaslı professor-müəllim heyəti və yaradıcı mühit İncəsənət fakültəsini həm təhsil, həm də sənət baxımından cəlbedici bir məkana çevirir. Fakültəmizdə formalaşan bilik və bacarıqlar tələbələrə gələcək peşə fəaliyyətlərində uğurla irəliləmək üçün möhkəm zəmin yaradır.

We use cookies in the delivery of our services. To learn about the cookies we use and information about your preferences and opt-out choices, please click here. By using our platform you agree to our use of cookies.