İncəsənəti Qarabağda öyrənin

Qarabağ Universitetinin İncəsənət fakültəsində təhsil prosesi praktik bilik və bacarıqların inkişafına yönəlib. Tələbələr təhsil müddətində nəzəri biliklərlə yanaşı, sərgilərdə iştirak etmək və səhnə təcrübəsi qazanmaq imkanı əldə edirlər.

2026–2027-ci tədris ili üzrə İncəsənət fakültəsində geniş və çoxşaxəli ixtisas seçimi təqdim olunur. 
Musiqi istiqaməti üzrə musiqi müəllimliyi (piano, fleyta, qoboy, klarnet, faqot, valtorna, truba, trombon, zərb alətləri, violin, viola, violonçel, kontrabas, tar, kamança, saz, nağara, qanun, balaban, qarmon), instrumental ifaçılıq (piano, fleyta, qoboy, klarnet, faqot, valtorna, truba, trombon, zərb alətləri, violin, viola, violonçel, kontrabas, orqan, gitara, tar, kamança, saz, nağara, qanun, balaban) vokal sənəti (xanəndəlik, akademik vokal), musiqişünaslıq, bəstəkarlıq, dirijorluq (xordirijorluq) ixtisaslarına qəbul planlaşdırılır. Eyni zamanda memarlıq (Memarlıq abidələrinin bərpası və yenidənqurulması, memarlıq), dizayn (interyer, qrafik, geyim), dekorativ-tətbiqi sənət (bədii toxuculuq, keramika, bədii şüşə), rəngkarlıq ixtisasları üzrə də qəbul aparılır. Bu isə tələbələrə həm ənənəvi, həm də müasir incəsənət istiqamətləri arasında seçim imkanı yaradır. 

Tədris prosesi müasir yanaşmalar əsasında qurulub. Fərdi və nəzəri dərslərin 90 dəqiqə formatında keçirilməsi mövzuların daha dərindən mənimsənilməsinə imkan verir. Nəzəri fənlər xarici universitetlərin təcrübəsinə əsaslanaraq müasir ədəbiyyat və metodikalarla tədris olunur.
 Tələbələr təhsil müddətində yalnız auditoriya ilə məhdudlaşmır. Fakültədə fəaliyyət göstərən xalq çalğı alətləri və kamera orkestrləri, xor kollektivi tələbələrə səhnə təcrübəsi qazandırır, repertuarlarını genişləndirir və kollektiv ilə işləmək bacarıqlarını inkişaf etdirir.
 Dizayn və dekorativ-tətbiqi sənət ixtisasları üzrə təhsil alan tələbələr sərgilərdə fəal iştirak edir, işlərini geniş auditoriyaya təqdim etmək imkanı qazanırlar. Açıq havada keçirilən dərslər isə müşahidə qabiliyyətinin və yaradıcı düşüncənin inkişafına töhfə verir.

Fakültədə mütəmadi olaraq müxtəlif sahələr üzrə peşəkar qonaqlar dəvət olunur, seminarlar və ustad dərsləri təşkil edilir. Bu görüşlər tələbələrin real sənət mühiti ilə əlaqəsini gücləndirir.
Eyni zamanda, 3 semestr ərzində tədris olunan ingilis dili proqramı tələbələrin incəsənət terminologiyasını mənimsəməsinə və beynəlxalq mühitdə daha rahat fəaliyyət göstərməsinə şərait yaradır.

Qarabağ Universitetinin İncəsənət fakültəsi — ənənə ilə müasirliyin, nəzəriyyə ilə praktikanın və yaradıcılıqla peşəkarlığın birləşdiyi məkandır.

We use cookies in the delivery of our services. To learn about the cookies we use and information about your preferences and opt-out choices, please click here. By using our platform you agree to our use of cookies.