Fənnin tədris edildiyi dil
Azerbaijani
Fənnin təsviri
Bu fənn tələbələrin ali riyaziyyatın bir çox sahələrini, xüsusən də Riyazi analiz, Analitik həndəsə, Ali cəbr fənlərini öyrənə bilməsi üçün ilkin və cox vacib biliklər bazası formalaşdırır. Elementar riyaziyyat fənni gələcək riyaziyyat müəllimlərinə ədədi və dəyişəni olan ifadələr üzərində çevirmələr aparmağı, müxtəlif tip birdəyişənli tənlikləri, çoxdəyişənli tənliklər və xətti tənliklər sistemini həll etməyi öyrədir. Həndəsənin ilkin anlayışları olan ən sadə həndəsi fiqurların (nöqtə, düz xətt, parça, bucaq, müstəvi, yarımmüstəvi və s.) əsas xassələrini, həndəsi fiqurlara aid əsas biliklərə yiyələnməyi, bu biliklərdən istifadə edərək məsələlər həll etməyi, verilən təklifləri isbat etməyi öyrədir. Bütün bunlar Analitik həndəsə fənninin öyrənilməsində çox vacib rol oynayır. Fənn çərçivəsində Analitik həndəsə fənninin əsasını təşkil edən Dekart koordinat sistemi tədris olunur. Fənnin tədrisinin əsas məqsədlərindən biri də Riyazi analizin əsasını təşkil edən ədədi ardıcıllıq, törəmə, inteqral haqda ilkin anlayışları öyrətmək və bunlara aid məsələlər həll etməkdir. Tələbələr törəmədən istifadə edərək funksiyanı araşdırmağı, onun artma-azalma aralıqlarını, funksiyanın ekstremum nöqtələrini, parçada ən böyük və ən kiçik qiymətlərini tapmağı öyrənir, hissə-hissə inteqrallama və dəyişəni əvəzetmə üsulunu tətbiq etməklə ibtidai funksiyanı müəyyən etmək bacarığına yiyələnirlər.