Tələbə İntizam Qaydaları
QARABAĞ UNİVERSİTETİNDƏ TƏHSİLALANLARIN İNTİZAM
Q A Y D A L A R I
(Qarabağ Universitetinin Elmi Şurasının 1 oktyabr 2024-cü il tarixli,
1 saylı iclasında qəbul edilmişdir)
I. ƏSAS MÜDDƏALAR
1.1. Qarabağ Universitetində Təhsilalanların İntizam Qaydaları (bundan sonra - Qaydalar) tələbələrin davranışını tənzimləməklə, onların etik şəkildə davranmalarını təşviq edir.
1.2. Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikasının qanununa, Qarabağ Universitetinin (bundan sonra - Universitet) Nizamnaməsinə və Azərbaycan Respublikasında qüvvədə olan digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır.
1.3. Qaydalar tələbələrin məsuliyyət və öhdəliklərini dəqiq müəyyən edərək, Universitetin akademik mühitində qarşılıqlı hörmət və əməkdaşlığı gücləndirir, o cümlədən tələbələrin tədris prosesində fəal və nəticəyönümlü iştirakını, eləcə də ictimai mühitdə layiqli davranışını və Universitetin əmlakının qorunmasını təmin edir.
1.4. Qaydalar Universitetdə hər kəs üçün aydın və ədalətli çərçivə yaratmaqla, qayda pozuntularına görə müvafiq tədbirlərin görülməsinə əsas verir.
1.5. Qaydalar Elmi Şura tərəfindən qəbul edildikdən sonra Rektor tərəfindən müvafiq qaydada təsdiq edildiyi tarixdən qüvvəyə minir.
II. TƏHSİLALANLARIN ƏSAS HÜQUQ VƏ VƏZİFƏLƏRİ
2.1. Təhsilalanların əsas hüquqları:
2.1.1. dövlət təhsil standartlarına uyğun təhsil almaq və müasir biliklər qazanmaq;
2.1.2. Universitetin kitabxanasından və digər tədris resurslarından pulsuz istifadə etmək;
2.1.3. elmi-tədqiqat işlərində və konfranslarda iştirak etmək;
2.1.4. Universitet rəhbərliyinin qərar və əmrlərindən şikayət vermək;
2.1.5. Universitetin akademik və ictimai həyatında iştirak etmək və müzakirələrə qatılmaq;
2.1.6. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
2.2. Təhsilalanların əsas vəzifələri:
2.2.1. Universitetin nizamnaməsinə və intizam qaydalarına əməl etmək;
2.2.2. Universitet əməkdaşlarına və digər təhsilalanlara qarşı hörmətlə yanaşmaq;
2.2.3. Universitet əmlakını səliqəli və təyinatı üzrə istifadə etmək, ona ziyan vurulmasına görə maddi məsuliyyət daşımaq;
2.2.4. dərslərdə müntəzəm iştirak etmək və tədris prosesində fəallıq göstərmək;
2.2.5. Universitetin rəsmi emblemi, logosundan qeyri-qanuni və ya təhrif edilmiş formada istifadə etməmək;
2.2.6. Universitetin işgüzar nüfuzuna mənfi təsir edə biləcək və tədrisə mane olacaq hərəkətlərdən çəkinmək;
2.2.7. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
III. ƏSAS PRİNSİPLƏR
3.1. Universitetdə intizamın qorunması zamanı aşağıdakı prinsiplər əsas götürülür:
3.1.1. Bərabərlik prinsipi — həvəsləndirmə tədbirlərinin görülməsi zamanı və intizam qaydalarının pozulması hallarında intizam məsuliyyətinə cəlb edilərkən irqi, milli mənsubiyyəti, dini, dili, cinsi, maddi vəziyyəti, əqidəsi, siyasi partiyalara və ya digər ictimai birliklərə mənsubiyyəti nəzərə alınmadan tələbələrin hüquq bərabərliyi təmin edilməli;
3.1.2. Humanizm prinsipi — intizam qaydalarının pozulmasına görə tətbiq edilən intizam tənbehləri insan ləyaqətini alçaltmaq məqsədi güdmədən, tələbənin hüquqlarını həyata keçirməsinə şərait yaratmaq və şəxsiyyətinə hörmətlə yanaşmaqla tətbiq edilməli;
3.1.3. Şəffaflıq prinsipi — intizam qaydalarının tətbiqi zamanı qərar qəbul etmə prosesi tam şəffaf olmalı, hər bir tələbə öz hüquqları və məsuliyyətləri barədə məlumatlandırılmalı və verilən qərarların səbəbləri açıq şəkildə izah edilməli;
3.1.5. Tənzimləmə və bərpa prinsipi — intizam tənbehləri tələbənin davranışını düzəltməyə və onların akademik və sosial inkişafına xidmət göstərməli, Qaydaların pozulması hallarında, mümkün qədər bərpa və reabilitasiya yolu ilə problemlər həll edilməli;
3.1.6. Mütənasiblik prinsipi — intizam tənbehləri pozuntunun xarakterinə və təhlükəlilik dərəcəsinə uyğun olmalıdır.
IV. TƏDRİS PROSESİNDƏ İNTİZAM QAYDALARI
4.1. İmtahanlarda iştirak
4.1.1. imtahanlar zamanı tələbələrin köçürməsi, bir-birinə kömək etməsi və məlumat mübadiləsi qadağandır.
4.1.2. imtahanlarda mikro-qulaqcıqlar, mobil telefonlar, planşetlər və digər elektron cihazların istifadəsi qadağandır. Bu cihazlar imtahan başlamazdan əvvəl müəllimə/nəzarətçiyə təhvil verilməli və müvafiq qaydada mühafizə edilməlidir.
4.1.3. imtahanın qiymətləndirmə formasından asılı olaraq əyani vəsaitlərin istifadəsinə icazə verilmir.
4.1.4. İmtahanların təşkili universitetin müəyyən etdiyi qaydalar əsasında aparılır.
4.2. Dərs prosesində iştirak
4.2.1 davamiyyət — tələbələr dərslərdə müntəzəm iştirak etməli, dərsə davamiyyətlə bağlı problemlər yaranarsa, dərhal dekanlığa məlumat verməlidirlər.
4.2.2 dərslərin gedişatı — tələbə dərslərə vaxtında gəlməli, üzrlü səbəbdən gecikmə zamanı, müəllimin icazəsilə sakit şəkildə auditoriyaya daxil olmalı, dərs zamanı telefon və digər texniki vasitələri səssiz rejimdə saxlamalı, dərsdən kənar məqsədlər üçün onlardan istifadə etməməli, səs salmamalı, hər hansı yolla dərsə maneçilik törətməməlidir.
4.2.3. dərs materiallarının hazırlığı — müəllim tərəfindən tələb olunan tapşırıqlar təyin olunan vaxtda yerinə yetirilməli, əlavə məlumata ehtiyac olduğu halda tələbələr vaxtında müəllimə müraciət etməlidirlər.
4.2.4. aktiv iştirak — tələbələr dərslərdə aktiv iştirak etməli, müzakirələrdə fəal olmalıdırlar.
V. AKADEMİK MƏSULİYYƏT
5.1. Akademik dürüstlük
5.1.1. Tələbələr plagiata yol verməməli, başqalarının işlərindən müvafiq istinad etmədən istifadə etməməli, istinadlar universitetin müəyyən etdiyi formata uyğun olmalıdır.
5.1.2. Plagiat halları ilə bağlı şikayətlər müvafiq orqanlara təqdim edilməli və obyektiv şəkildə araşdırılmalıdır.
5.1.3. Plagiat halları ilə bağlı toplanan məlumatlar konfidensial saxlanmalı və şəxsi hüquqlar qorunmalıdır.
VI. AKADEMİK MÜVƏFFƏQİYYƏTƏ GÖRƏ HƏVƏSLƏNDİRMƏ
6.1. Tələbələrin akademik müvəffəqiyyətlərinə görə aşağıdakı həvəsləndirmə tədbirləri tətbiq edilir:
6.1.1. Təşəkkür elan edilməsi;
6.1.2. Fərman və ya sertifikatla təltif edilməsi;
6.1.3. Mükafat qismində qiymətli hədiyyələr verilməsi;
6.1.4. Məqsədli təqaüdlərin verilməsi.
VII. UNİVERSİTET ƏRAZİSİNDƏN İSTİFADƏ QAYDALARI
7.1. Universitetin həyətyanı sahələrindən istifadə qaydaları:
7.1.1. Universitet ərazisində spirtli içki qəbulu, siqaret və qadağan olunmuş maddələrdən istifadə yolverilməzdir.
7.1.2. "Kənar şəxslər üçün giriş qadağandır" işarəsi ilə işarələnmiş ərazilərə (məsələn, texniki otaqlar, dam, zirzəmi, arxiv, qazanxana, server otağı və s.) daxil olmaq qadağandır.
7.1.3. Həyətyanı sahələrdə tullantılar xüsusi ayrılmış zibil qablarına atılmalıdır.
7.2. Laboratoriyadan istifadə qaydaları:
7.2.1. Laboratoriyaya yalnız müvafiq dərslərdə müəllimin və ya laborantın iştirakı ilə daxil olmaq olar.
7.2.2. Laboratoriyada təhlükəsizlik qaydalarına ciddi əməl edilməli, tələb olunduğu halda qoruyucu eynəklər, əlcəklər və digər təhlükəsizlik avadanlıqlarından istifadə olunmalıdır.
7.2.3. Laboratoriya alətləri və materialları istifadə edildikdən sonra qaytarılmalı və yerinə qoyulmalıdır.
7.2.4. Laboratoriyalarda istifadə olunan avadanlıqlar yalnız təyin olunmuş məqsədlər üçün istifadə olunmalıdır.
7.2.5. Laboratoriyada hər hansı təlimat aydın olmadığı halda, laboratoriya mütəxəssisləri ilə məsləhətləşilməlidir.
7.2.6. Laboratoriya saatlarına riayət olunmalı və müəyyən olunmuş vaxtlardan kənarda laboratoriyaya girilməməlidir.
7.3. Kitabxana ərazisindən istifadə qaydaları:
7.3.1. Kitabxanada səssizliyə riayət edilməli və başqalarının oxumağına mane olunmamalıdır.
7.3.2. Kitablar və digər materiallar istifadədən sonra müvafiq qaydalar çərçivəsində qaytarılmalıdır.
7.3.3. Kitabxanada qida və içkilərin istifadəsi qadağandır.
7.3.4. Kitabxana xidmətlərinə və materiallara çıxış üçün qeydiyyatdan keçmək tələb olunur.
7.3.6. Kitabxana materiallarının zədələnməsi və ya itirilməsi zamanı tələbələrdən onların əvəzi (dəyəri) tələb edilir.
7.3.7. Kitabxanada şəxsi əşyalar nəzarətsiz qoyulmamalıdır.
7.4. Auditoriyadan istifadə qaydaları:
7.4.1. Otaqlarda təmizliyə riayət edilməli, istifadədən sonra əşyalar yerinə qaytarılmalıdır.
7.4.2. Dərs bitdikdən sonra kompüter, proyektor, mikrofon və digər elektrik avadanlıqları söndürülməlidir.
7.4.3. Otaqlardan istifadə etdikdən sonra işıqlar söndürülməlidir.
7.4.4. Auditoriyalarda istifadə olunan cihazların istifadəsi zamanı müvafiq təlimatlara riayət edilməlidir.
7.4.5. Cihazların düzgün işləməməsi hallarında dərhal müvafiq struktur bölməyə məlumat verilməlidir.
7.4.6. Auditoriyalarda sahibsiz əşyalar aşkar edildikdə, təsərrüfat şöbəsinin işçilərinə, yaxud müəllimə məlumat verilməlidir.
7.5. Avadanlıqlar və informasiya resurslarından istifadə qaydaları:
7.5.1. Hər hansı texniki problem yarandıqda avadanlığın təmirinə müdaxilə etməmək və problemi Rəqəmsallaşdırma bölməsinə bildirmək tələb olunur.
7.5.2. Hər bir avadanlığın istifadə təlimatlarına riayət edilməlidir. Təlimatlar aydın deyilsə, müvafiq mütəxəssisə müraciət edilməlidir.
7.5.3. Avadanlıqların zədələnməsi və ya itirilməsi zamanı tələbələrdən onların əvəzi (dəyəri) tələb edilir.
7.5.4. Universitetin resursları yalnız təhsil və akademik fəaliyyətlər üçün istifadə olunmamalıdır.
7.5.5. İnternetdə yalnız qanuni və müvafiq fəaliyyətlər həyata keçirilməlidir.
7.5.6. İstifadəçi kompüter şəbəkələrinə müdaxilə etməməli, təhlükəsizliyi pozmamalı və qanunsuz fəaliyyətlərlə (virusların yayılması və qanunsuz proqramların istifadəsi) məşğul olmamalıdır.
7.5.7. Məlumatların qorunması və məxfiliyi təmin olunmalı, hər hansı məlumat icazəsiz üçüncü şəxslərə ötürülməməlidir.
7.6. Universitetin atributlarından istifadə qaydaları:
7.6.1. Tələbələr Universitetin atributlarından (loqo, rəsmi emblem) istifadə edərkən əxlaqi normalara və etik qaydalara riayət etməli, onlardan şəxsi və kommersiya məqsədləri üçün istifadə etməməlidirlər.
7.6.2. Universitetin atributlarının yer aldığı hər hansı foto, video və ya digər məzmunun sosial şəbəkələrdə paylaşılması zamanı universitetin imicinə və nüfuzuna xələl gətirəcək, təhqiramiz, təhrif olunmuş və ya yanlış məlumatlardan istifadə edilməməlidir.
7.6.3. Universitetin adının və ya atributlarının yer aldığı hər hansı paylaşım əxlaqi normalara zidd, cəmiyyətin dəyərlərinə uyğun olmayan və ya neqativ sosial təsir yarada biləcək məzmuna malik olmamalıdır.
7.6.4. Tələbələr ictimai fəaliyyətlərində Universitetin atributlarından müvafiq qaydada icazə aldıqdan sonra istifadə edə bilərlər.
VIII. İNTİZAM TƏNBEH TƏDBİRLƏRİ VƏ ONLARIN TƏTBİQİ QAYDALARI
8.1. İntizam tənbehi verilərkən tələbənin şəxsiyyəti, nüfuzu, müvəfəqiyyət göstəricisi, onun törətdiyi pozuntunun xarakteri nəzərə alınır.
8.2. Rektor intizam tənbehi barədə əmri Universitetin bu məqsədlə yaradılmış İntizam Komissiyasının vəsatəti əsasında verir.
8.3. İntizam tədbirləri (universitetdən xaric edilmə istisna olmaqla) 6 (altı) ay müddətində qüvvədədir və həmin müddətdə yenidən intizam pozuntusuna yol verən tələbə barəsində daha ciddi intizam tədbiri tətbiq edilir.
8.4. Tələbələrə aşağıdakı intizam tənbehlərindən biri verilə bilər:
8.4.1. Xəbərdarlıq – tələbəyə universitet qaydalarına zidd davranışı barədə yazılı şəkildə rəsmi xəbərdarlıq edilir.
8.4.2. Töhmət – tələbəyə şəxsən elan və şəxsi işinə yazılı şəkildə əlavə edilir. Universitet daxilində yerləşdirilmiş lövhələrdə bu barədə məlumat yerləşdirilir;
8.4.3. Sonuncu xəbərdarlıqla şiddətli töhmət – tələbəyə şəxsən elan və şəxsi işinə yazılı şəkildə əlavə edilir. Universitet daxilində yerləşdirilmiş lövhələrdə bu barədə məlumat yerləşdirilir;
8.4.4. Universitetdən xaric edilmə – kobud qayda pozuntularına və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilən tələbə tərəfindən yenidən törədilən ciddi qayda pozuntusuna görə tətbiq edilir.
8.5. Universitetdən xaric edilməyə səbəb olan kobud qayda pozuntuları aşağıdakılardır:
8.5.1. akademik fırıldaqçılıq;
8.5.2. sağlamlığın pozulmasına səbəb olan zorakılıq hərəkətlərinə yol vermək;
8.5.3. Universitetin və əməkdaşlarının əmlakına qəsdən zərər vurmaq;
8.5.4. təkbaşına və ya qrup halında Universitetin işgüzar nüfuzuna zərər vura biləcək (xələl gətirəcək) hərəkətlərə yol vermək;
8.5.5. işğaldan azad edilmiş ərazilərdə qadağan olunmuş, mediada, sosial şəbəkələrdə, digər elektron informasiya resurslarında material kimi istifadə edilmə ehtimalı olan, dövlət əleyhinə yönəldilə biləcək hərəkətlərə yol vermək;
8.5.6. Universitet ərazisində alkoqollu içkilərin, narkotik və ya psixotrop maddələrin təsiri altında olmaq;
8.5.7. Universitet ərazisində cinayət törətmək;
8.5.8. Universitetin əməkdaşlarına qarşı nalayiq ifadələr və hərəkətlərdən istifadə etmək;
8.5.9. insanların həyat və sağlamlığına təhlükə yaradacaq şəkildə təhlükəsizlik qaydalarını pozmaq;
8.6. Tələbələr intizam qaydalarını pozduğu hallarda, bu barədə məlumat İntizam Komissiyasına yönləndirilməklə, qayda pozuntusunu təsdiq edən rəsmi sənədlər və müvafiq izahatlar təqdim edilir.
8.7. İntizam Komissiyası qayda pozuntusu ilə bağlı araşdırma aparmaqla, şifahi şəkildə keçirilən iclasda təqdim edilən sənədləri tədqiq edir, izahatları dinləyir və qayda pozuntusunun xarakterini, təhlükəlilik dərəcəsini, digər şəxslərə təsirini nəzərə alıb qərar qəbul edir və Rektor qarşısında müvafiq intizam tənbehinin tətbiq edilməsi və ya bundan imtina edilməsi barədə vəsatət qaldırır. İntizam Komissiyasının iclasları müvafiq qaydada protokollaşdırılır.
8.8. İntizam Komissiyasının yetkinlik yaşına çatmayan tələbələr barəsində keçirilən iclaslarında onların valideynlərinin də iştirak etmək hüququ var. Ciddi qayda pozuntuları ilə bağlı keçiriləcək iclaslara qeyd edilən tələbələrin valideynləri dəvət edilir.
8.9. İntizam Komissiyasının qərarları açıq elan olunur. Komissiyanın vəsatəti əsasında qəbul edilmiş əmrin surəti tələbəyə təqdim edilir.
8.10. Universitetdən xaric edilmə növündə tətbiq edilən intizam tənbehindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə və ya məhkəməyə, digər intizam tənbehlərindən Universitetin Elmi Şurasına şikayət verilə bilər.
IX. YEKUN MÜDDƏALAR
9.1. Bu Qaydalar Elmi Şura tərəfindən təsdiq edildiyi tarixdən qüvvəyə minir.
9.2. Bu Qaydaların tələblərinin pozulması tələbənin intizam məsuliyyətinə cəlb olunması ilə nəticələnir.