Ceyhun Məmmədov
Bioqrafiya
Ceyhun Məmmədov ali təhsil və elmi tədqiqat sahəsində zəngin pedaqoji və idarəçilik təcrübəsinə malik iqtisadçı alimdir. Hazırda Qarabağ Universitetinin Tədqiqat və İnnovasiyalar Mərkəzinin direktoru vəzifəsində fəaliyyət göstərir. 2024-2025-ci tədris ilində universitetin İqtisadiyyat fakültəsinin dekanı olmuş, bundan əvvəl isə müxtəlif ali təhsil müəssisələrində akademik və inzibati vəzifələr icra etmişdir.
Bakalavr təhsilini Ticarətin İdarə edilməsi ixtisası üzrə Azərbaycan Dövlət İqtisad Universitetində almışdır. İqtisadiyyat üzrə magistratura təhsilini Portuqaliyanın Lissabon NOVA Universitetində Elm və Texnologiya Fondu (FCT) tərəfindən təmin olunan tam təqaüdlə uğurla bitirmişdir. İqtisadiyyat üzrə doktorluq dərəcəsini (Dr. rer. pol.) Almaniyanın Bielefeld Universitetində Almaniya Araşdırmalar Fondunun (DFG) tam təqaüdü ilə almış və “Magna Cum Laude” (yüksək fərqlənmə) ilə qiymətləndirilmişdir.
Elmi-pedaqoji fəaliyyətinə 2012-ci ildə Xəzər Universitetində başlamış, burada müxtəlif rəhbər vəzifələrdə çalışmış, o cümlədən 2017-2024-cü illərdə İqtisadiyyat və Menecment fakültəsinin dekanı olmuşdur. 2016-cı ildən etibarən ADA Universitetində iqtisadiyyat fənlərini tədris etmişdir. Tədqiqat istiqamətləri makroiqtisadiyyat, dinamik modelləşdirmə və iqtisadi artımı əhatə edir; elmi məqalələri “Scopus” və “Web of Science” bazalarında indekslənən nüfuzlu jurnallarda dərc olunmuşdur.
Ceyhun Məmmədov beynəlxalq və milli akkreditasiya proseslərində fəal iştirak etmiş, FIBAA üzrə beynəlxalq ekspert, TKTA çərçivəsində isə ekspert və komissiya sədri kimi fəaliyyət göstərmişdir. O, həmçinin müxtəlif ERASMUS+ layihələrində ekspert və koordinator qismində çıxış edərək ali təhsildə keyfiyyətin artırılmasına və institusional inkişafın gücləndirilməsinə mühüm töhfələr vermişdir.