Fənnin tədris edildiyi dil
Azerbaijani
Fənnin təsviri
Bu fənn orta məktəbdə Azərbaycan dilini tədris edəcək gələcək müəllimləri müstəqil fəaliyyətə hazırlayır, Azərbaycan dilini öyrətmək üçün əsas tədris strategiyaları və metodologiyaları ilə tanış edir, onlarda peşə vərdişləri formalaşdırır. Fənnin tədrisi prosesində ümumi və tam orta təhsil səviyyələrində şagirdlərin Azərbaycan dilindən istifadə bacarıqlarını təkmilləşdirmək, o cümlədən onlara düzgün danışma, dinləmə, oxuma və yazma vərdişlərini aşılamaq üçün effektiv yanaşmalar araşdırılır. Müasir tələblərə cavab verən tədris təcrübələrinə, dil nəzəriyyələrinin yaşa uyğun tədris metodikasına diqqət yetirilir. Bu fənn gələcəyin müəllimlərini orta məktəb şagirdlərinin Azərbaycan dilində səlis danışıq qabiliyyətini və dilin imkanlarından istifadə səriştəsini inkişaf etdirmək üçün praktik fəaliyyətlərlə tanış edir, onlara müvafiq dərs planları hazırlamağı və şagirdlərin biliyini qiymətləndirmə texnologiyalarını öyrədir. Azərbaycan dilinin tədrisində istifadə edilən metod və üsulları, qabaqcıl təcrübəni araşdırır, bu istiqamətdə praktik vərdişlərə yiyələnməni təmin edir. Fənnin əhatə etdiyi mövzulara orta ümumtəhsil məktəblərində Azərbaycan dili fənnini tədris edərkən qarşıya çıxan problemlərin aradan qaldırılması, şagirdlərdə düzgün nitq və yazı vərdişlərinin formalaşdırılması, ədəbi dilin normalarına riayət olunmasının mənimsədilməsi və s-nin müzakirəsi daxildir.