Qarabağ Universitetinin müəllimi Elxan Qurbanlının həmmüəllifi olduğu məqalə nüfuzlu jurnalda dərc edilib
Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin müəllimi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Elxan Qurbanlının “The mediating role of job and life satisfaction in the effect of psychological resilience on employee performance: evidence from the February 6 Kahramanmaraş (Türkiye) earthquakes” adlı elmi məqaləsi Böyük Britaniyada nəşr olunan, Scopus bazasında Q1 kvartilinə daxil olan nüfuzlu “BMC Psychology” jurnalında dərc edilib.
Tədqiqat çərçivəsində psixoloji dayanıqlılıq (PR) ilə işçi performansı (EP) arasındakı əlaqədə iş məmnuniyyəti (JS) və həyat məmnuniyyətinin (LS) vasitəçi rolu təhlil olunub. Empirik məlumatlar 6 fevral Kahramanmaraş (Türkiyə) zəlzələsindən təsirlənmiş bölgələrdə fəaliyyət göstərən sosial xidmət işçiləri arasında sorğu üsulu ilə toplanıb və SPSS, eləcə də SmartPLS proqram təminatları vasitəsilə analiz edilib.
Tədqiqatın nəticələri göstərir ki, psixoloji dayanıqlılıq işçi performansına, iş məmnuniyyətinə və həyat məmnuniyyətinə müsbət və statistik baxımdan əhəmiyyətli təsir göstərir. İş məmnuniyyətinin işçi performansına təsiri əhəmiyyətli olduğu halda, həyat məmnuniyyətinin bu istiqamətdə təsiri müəyyən edilməyib. Vasitəçilik analizinin nəticələrinə əsasən, iş məmnuniyyəti psixoloji dayanıqlılıq ilə işçi performansı arasındakı əlaqədə vasitəçi rol oynayır, həyat məmnuniyyəti isə bu rolu nümayiş etdirmir.
Əldə olunan nəticələr iş məmnuniyyətinin işçi performansının artırılmasında əsas mexanizmlərdən biri olduğunu bir daha təsdiqləyir.
Ətraflı məlumat üçün:
https://link.springer.com/article/10.1186/s40359-026-04520-7