Qarabağ Universiteti xəbərləri

Date:
Qəbul

Qarabağ Universitetinin abituriyentlərlə görüşləri davam edir

Qarabağ Universiteti 2026/2027-ci tədris ilinə hazırlıq işləri çərçivəsində abituriyentlərlə maarifləndirici və tanıtım xarakterli görüşlərə davam edir.

Görüşlərin növbəti mərhələsi Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdlərini əhatə edib. Tovuz rayonunda təşkil olunan görüşlərdə Tovuz, Şəmkir, Gədəbəy, Qazax və Ağstafa məktəblərinin yüksək akademik nəticə göstərən şagirdləri iştirak ediblər.

Abituriyentlərlə keçirilən görüşlər ixtisas istiqamətləri üzrə qruplaşdırılaraq müxtəlif məkanlarda paralel şəkildə təşkil edilib.

Tədbirlər zamanı Qarabağ Universitetinin inkişaf strategiyası və əsas fəaliyyət istiqamətləri təqdim olunub, ixtisas seçimləri, tədris proqramlarının məzmunu və təhsil imkanları barədə ətraflı məlumat verilib. Eyni zamanda universitetin maddi-texniki bazası, tələbə həyatı, müəllim heyəti, yataqxana şəraiti, beynəlxalq əlaqələr, təqaüd proqramları və gələcək karyera imkanları ilə bağlı geniş izahatlar təqdim edilib. Görüşlər çərçivəsində videoçarxlar nümayiş olunub, məlumatlandırıcı materiallar paylanılıb və iştirakçıların sualları cavablandırılıb.

Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərdə fəaliyyətə başlayan ilk ali təhsil ocağı olan Qarabağ Universitetində müasir tələblərə uyğun bilik və bacarıqlara malik mütəxəssislərin hazırlanması üçün geniş imkanlar mövcuddur. Xankəndi şəhərində yerləşən universitet yüksək nəticə göstərən abituriyentlərə keyfiyyətli təhsil, zəngin tələbə həyatı və perspektivli gələcək üçün əlverişli mühit təqdim edir.

Gələcək tələbələr
Share This:

Xidmətlərimizi təmin etmək üçün kukilərdən istifadə edirik. İstifadə etdiyimiz çərəzlər və seçimləriniz və rədd etmə üsullarınız haqqında məlumat əldə etmək üçün buraya vurun. İnternet səhifəmizi ziyarət edərkən kukilərdən istifadə etməyimizi qəbul edirsiniz.