Qarabağ Universiteti xəbərləri

Date:
Xarici əlaqələr

Dünya Azərbaycanlı Alimlər Birliyi (DAAB) ilə mövcud əməkdaşlıq çərçivəsində Qarabağ Universitetində görüş keçirilib

Aprelin 8-də Dünya Azərbaycanlı Alimlər Birliyi (DAAB) ilə mövcud əməkdaşlıq çərçivəsində Qarabağ Universitetində görüş keçirilib. Bu əməkdaşlıq yalnız ayrı-ayrı tədbirlərin təşkili ilə məhdudlaşmır, eyni zamanda Qarabağ Universitetinin beynəlxalq elmi mühitə inteqrasiyası, akademik potensialının gücləndirilməsi və müasir ali təhsil standartlarına uyğun inkişafı baxımından mühüm strateji əhəmiyyət daşıyır. Qeyd olunmalıdır ki, tərəflər arasında keçirilən əvvəlki görüşlərdə ortaq elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, müasir laboratoriyaların yaradılması, onlayn dərs və seminarların təşkili, xaricdə fəaliyyət göstərən azərbaycanlı alimlərin tədris prosesinə cəlb edilməsi, eləcə də birgə konfrans, forum və simpoziumların keçirilməsi kimi mühüm əməkdaşlıq istiqamətləri müəyyən edilmiş və bu istiqamətlər üzrə konkret fəaliyyət planı formalaşdırılmışdır. Bu baxımdan, həyata keçirilən görüşlər DAAB-ın Qarabağ Universitetinə göstərdiyi sistemli və davamlı dəstəyin mühüm tərkib hissəsi kimi çıxış edir.

Görüşdə DAAB-ın sədri, Almaniyada fəaliyyət göstərən azərbaycanlı riyaziyyatçı alim, professor Məsud Əfəndiyev və birliyin üzvü, İsveçdə yerləşən Qoteborq Universitetinin professoru Səadət Kərimi iştirak ediblər. 

Qeyd olunmalıdır ki, DAAB dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən azərbaycanlı alimləri bir araya gətirərək onların elmi potensialını ölkənin ali təhsil və tədqiqat mühitinə yönəldən nüfuzlu platforma kimi çıxış edir. Bu baxımdan, qurumun Qarabağ Universiteti ilə əməkdaşlığı universitetin elmi inkişafına verilən mühüm dəstək kimi qiymətləndirilir.

Qarabağ Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru Fariz Əhmədov tədbiri giriş sözü ilə açaraq qonaqları salamlayıb və DAAB ilə əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayıb. Bildirilib ki, bu kimi tərəfdaşlıqlar universitetdə elmi tədqiqatların təşviqi, müəllim heyətinin peşəkar inkişafı və beynəlxalq akademik əlaqələrin genişləndirilməsi baxımından mühüm rol oynayır.

Görüş çərçivəsində professor Məsud Əfəndiyev “Elmin populyarlaşdırılması” mövzusunda mühazirə ilə çıxış edib. Mühazirədə elmin cəmiyyətdə rolu, gənc tədqiqatçılar arasında elmi biliklərin təşviqi yolları, eləcə də universitetlərdə elmin təbliği mexanizmləri barədə ətraflı məlumat verilib. Eyni zamanda, müasir texnologiyaların imkanlarından istifadə etməklə elmi biliklərin daha geniş auditoriyaya çatdırılması məsələləri müzakirə olunub. Bu kimi çıxışlar DAAB-ın elmin populyarlaşdırılması və gənc nəslin elmə yönləndirilməsi istiqamətindəki missiyasının tərkib hissəsi kimi diqqət çəkir.

Daha sonra professor Səadət Kərimi “Ali təhsil pedaqogikası: müəllim peşəkarlığının nəzəri və praktik əsasları” mövzusunda seminar keçib. Seminarda ali təhsil müəssisələrində tədrisin səmərəliliyinin artırılması, pedaqoji innovasiyaların tətbiqi, eləcə də müəllimlərin müasir tədris metodlarından istifadə imkanları ilə bağlı praktik tövsiyələr təqdim olunub. Bu istiqamətdə keçirilən təlimlər DAAB-ın Qarabağ Universitetində pedaqoji potensialın gücləndirilməsinə yönəlmiş sistemli dəstəyinin tərkib hissəsi kimi qiymətləndirilir.

Bununla yanaşı, Səadət Kərimi daha əvvəl Qarabağ Universitetinin Pedaqoji fakültəsi ilə birlikdə təşkil olunmuş təşkil olunmuş “Ali təhsil pedaqogikası” mövzusunda onlayn seminarı uğurla başa vuran müəllimlərə sertifikatlar təqdim edib. Sertifikatların təqdimatı zamanı müəllimlərin davamlı peşəkar inkişafının ali təhsildə keyfiyyətin təmin olunmasında həlledici rol oynadığı vurğulanıb. 

DAAB ilə əməkdaşlıq çərçivəsində müəllimlərin beynəlxalq təlim proqramlarına cəlb olunması da bu istiqamətin mühüm tərkib hissəsi kimi həyata keçirilmişdir. Bu proqramlardan biri İsveçin Qoteborq Universiteti tərəfindən təşkil olunmuş “Ali təhsil pedaqogikası və çevik öyrənmə” (Higher Education Pedagogy and Flexible Learning) adlı kursdur. 15 ECTS (Avropa Kredit Transfer Sistemi) kredit dəyərində olan və yüksək səviyyəli proqram kimi qiymətləndirilən bu kurs ali təhsil pedaqogikası, çevik öyrənmə yanaşmaları və müasir tədris metodlarının tətbiqini əhatə edir. 2025-ci ilin aprel-noyabr aylarını əhatə edən altı aylıq müddət ərzində davam edən bu cür seminarlar Qarabağ Universitetində fəaliyyət göstərən akademik heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, onların müasir tədris metod və yanaşmalarını mənimsəməsinə, eləcə də innovativ pedaqoji təcrübələrin tətbiqinə mühüm töhfə verir. 

Xüsusilə vurğulanıb ki, Qarabağ Universitetinin pedaqoji heyəti yüksək peşəkarlığı, yeniliyə açıq olması və davamlı inkişafa meyilli yanaşması ilə seçilir və bu da DAAB kimi beynəlxalq elmi platformaların dəstəyinin effektiv nəticələr verməsini şərtləndirən əsas amillərdən biridir.

Tədbirin sonunda tərəflər əməkdaşlığın gələcək perspektivlərini müzakirə edərək birgə elmi layihələrin, seminar və təlim proqramlarının genişləndirilməsi istiqamətində razılığa gəliblər. Qeyd olunub ki, DAAB ilə Qarabağ Universiteti arasında formalaşan bu əməkdaşlıq modeli yalnız cari təşəbbüslərlə məhdudlaşmayaraq, uzunmüddətli perspektivdə universitetin beynəlxalq akademik məkanda mövqeyinin güclənməsinə, müəllim və tələbələrin inkişafına mühüm töhfə verəcək.

Müəllim və əməkdaşlar
Share This:

Xidmətlərimizi təmin etmək üçün kukilərdən istifadə edirik. İstifadə etdiyimiz çərəzlər və seçimləriniz və rədd etmə üsullarınız haqqında məlumat əldə etmək üçün buraya vurun. İnternet səhifəmizi ziyarət edərkən kukilərdən istifadə etməyimizi qəbul edirsiniz.