Qarabağ Universitetinin müəllim və əməkdaşları 31 mart Azərbaycanlıların Soyqırımı Gününü qeyd ediblər
Qarabağ Universitetində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə anım tədbiri təşkil olunub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardından soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra çıxış edən Qarabağ Universitetinin Pedaqoji fakültəsinin ixtisasının II kurs tələbəsi Kənan Məmmədov və Humanitar və sosial elmlər fakültəsinin Tarix ixtisasının II kurs tələbəsi Emil Quliyev 1918-ci il mart hadisələrinin tarixi mahiyyəti, xalqımıza qarşı həyata keçirilmiş soyqırımı siyasəti və bu faciənin milli yaddaşımızdakı yeri haqqında ətraflı məlumat veriblər. Onlar çıxışlarında tarixi faktlara əsaslanaraq, bu faciənin beynəlxalq ictimaiyyətə çatdırılmasının əhəmiyyətini xüsusi vurğulayıblar.
Daha sonra mövzu ilə bağlı hazırlanmış videoçarx nümayiş etdirilib.
Anım mərasiminin bədii hissəsində Qarabağ Universitetinin İncəsənət fakültəsinin müəllimlərindən ibarət kvartet qrupunun ifasında anım gününə həsr olunmuş musiqili kompozisiya təqdim olunub.
Tədbir iştirakçıları tərəfindən soyqırımı qurbanlarının xatirəsinə ithaf şamları yandırılıb. Sonda iştirakçılarla birlikdə xatirə fotosu çəkilib.