Fənnin təsviri
Bu fənn XIX əsrin sonlarından günümüzədək dünya tarixində baş verən əsas siyasi, sosial və iqtisadi dəyişiklikləri öyrənir. Fənnin tədrisi zamanı sənaye inqilabının ikinci mərhələsi, imperializm siyasəti və müstəmləkəçilik yarışı, I Dünya müharibəsi, Versal sistemi, beynəlxalq münasibətlər və 1929–1933-cü illərin dünya iqtisadi böhranı, II Dünya müharibəsi, onun səbəbləri, gedişi və nəticələri, faşizm və totalitarizmin mahiyyəti, habelə müharibədən sonrakı beynəlxalq münasibətlər, Soyuq müharibə dövründə dünya nizamı, ABŞ və SSRİ-nin rəqabəti, NATO və Varşava müqaviləsi, silahlanma yarışı və ideoloji qarşıdurma geniş şəkildə öyrənilir. Müasir mərhələdə Asiya və Afrika ölkələrinin dekolonizasiya prosesi, milli azadlıq hərəkatları, Avropa İttifaqının yaranması, Yaxın Şərq münaqişələri, qloballaşma və beynəlxalq təşkilatların rolu, XX əsrin sonu və XXI əsrin əvvəllərində baş verən hadisələr – SSRİ-nin süqutu, ABŞ-ın qlobal siyasətdə rolu, yeni beynəlxalq təhlükəsizlik problemləri kursun əsas mövzularıdır. Bu fənn tələbələrə müasir dövrün əsas siyasi, sosial və iqtisadi hadisələrini təhlil etmək, dünya tarixində baş verən dəyişikliklərin ümumbəşəri proseslərə təsirini dərk etmək imkanı verir.