Qarabağ Universitetində “Qarabağın turizm potensialı” adlı tədbir keçirilib

sentyabr 30, 2025
Sentyabrın 29-da Qarabağ Universitetində Qarabağ Regional Turizm İdarəsinin təşəbbüsü ilə “Turizm işçiləri günü”nə həsr olunan “Qarabağın turizm potensialı” adlı tədbir keçirilib. Tədbirdə Qarabağ Regional Turizm İdarəsinin və regionda fəaliyyət göstərən bir sıra turizm şirkətlərinin rəhbər nümayəndələri, universitetin əməkdaşları və turizm təhsili alan tələbələri iştirak ediblər.

Tədbirdə giriş sözü ilə çıxış edən İqtisadiyyat fakültəsinin müəllimi Qəhrəman Yusupov turizm işçilərinin peşə bayramı münasibətilə təbriklərini çatdırıb və Qarabağ bölgəsində turizmin inkişaf potensialından bəhs edib.

Qarabağ Regional Turizm İdarəsinin rəhbəri Hikmət Heydərov Ballıca kəndinin turizm perspektivləri barədə təqdimatla çıxış edib. O, kənddə istehsal olunan bal məhsulları və kulinariya çeşidləri haqqında məlumat verib, ətraf mühitin qorunması istiqamətində müvafiq tədbirlərin keçirilməsinin zərurətini diqqətə çatdırıb.

Tələbələr təqdimatla çıxış edərək, Qarabağın turizm potensialı və regiona turistlərin cəlb edilməsi barədə fikirlərini bölüşüblər.

Sonda Qarabağ Universitetində “Turizm işinin təşkili” ixtisası üzrə təhsil alan fəal və yüksək akademik göstəriciləri olan tələbələrə Qarabağ Regional Turizm İdarəsi tərəfindən hədiyyələr təqdim olunub.

Daha çox Xəbərlər