Qarabağ Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illiyinə həsr olunmuş elmi konfrans keçirilib

iyun 02, 2025

Qarabağ Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illiyinə həsr olunmuş "Azərbaycan Milli Elmlər Akademiyasında Qarabağnamə ənənəsi və müasir dövr" mövzusunda elmi konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan Qarabağ Universitetinin rektoru Şahin Bayramov qonaqları salamlayıb və Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ bölgəsində həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərindən, o cümlədən universitetin qarşısına qoyulan hədəflərdən bəhs edib. Rektor Qarabağ Universitetinin yaradılmasının regionda elmin və təhsilin yenidən canlandırılması üçün mühüm addım olduğunu vurğulayıb. Ş.Bayramov bildirib ki, universitetdə elmi potensialın artırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və Qarabağın zəngin mədəni-mənəvi irsinin öyrənilməsi əsas prioritetlərdən biridir.

Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev tədbirdə çıxış edərək ilk növbədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyi münasibətilə Akademiyanın kollektivini, alimləri və elmi ictimaiyyəti təbrik edib. Nazir Qarabağ Universitetinin qarşısında dayanan vəzifələrə də toxunaraq bildirib ki, bu ali təhsil müəssisəsi təkcə regionun deyil, bütövlükdə Azərbaycanın elmi-tədris həyatında mühüm yer tutacaq. E.Əmrullayev əlavə edib ki, Qarabağ Universiteti elmi mühitin təşəkkül tapması, innovativ təhsil modellərinin tətbiqi və milli-mədəni irsin sistemli şəkildə araşdırılması baxımından strateji əhəmiyyət daşıyır.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli çıxışında tədbirin təşkilinə görə Qarabağ Universitetinə və onun rəhbərliyinə təşəkkürünü bildirib. Akademik Qarabağda – Azərbaycanın qədim və strateji əhəmiyyətli bölgəsində belə yüksək səviyyəli elmi tədbirin keçirilməsinin tarixi hadisə olduğunu vurğulayıb. İ.Həbibbəyli qeyd edib ki, bu konfrans təkcə AMEA-nın 80 illik yubileyinə deyil, həm də azad edilmiş torpaqlarda elmi həyatın bərpasına töhfə verən mühüm bir mərhələdir.

Sonra AMEA tərəfindən Qarabağ Universitetinin kitabxanasına 1000 ədəd kitab hədiyyə edilib.

Tədbirin ikinci hissəsində Qarabağın tarixi, mədəniyyəti və toponimik irsi ilə bağlı dörd əsas elmi məruzə təqdim olunub.

İlk olaraq AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov “Azərbaycan tarixində Qarabağnamələr və yeni dövrün Qarabağnaməsinin yaradılmasında Milli Elmlər Akademiyasının missiyası” mövzusunda çıxış edib. Məruzədə Qarabağnamələrin tarixi mənbə kimi əhəmiyyəti, bu ənənənin müasir mərhələdə davam etdirilməsi və AMEA-nın bu sahədəki rolu xüsusi vurğulanıb.

Daha sonra AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev “Qarabağ ərazisində və Şərqi Zəngəzurda arxeoloji tədqiqatlar” mövzusunda çıxış edərək bölgədə aparılmış və davam etdirilən arxeoloji qazıntılar, aşkar edilən maddi-mədəniyyət nümunələri və onların elmi dəyəri haqqında ətraflı məlumat verib.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli isə “Qarabağda ermənilər tərəfindən saxtalaşdırılmış Azərbaycan toponimlərinin bərpa edilməsinin elmi əsasları” mövzusunda təqdimatla çıxış edib. Məruzədə toponimlərin etimoloji araşdırılması, tarixi sənədlərlə təsdiqlənməsi və bərpası istiqamətində AMEA tərəfindən görülən işlər geniş şəkildə izah olunub.

Son olaraq AMEA Folklor İnstitutunun direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Hikmət Quliyev “Qarabağ folkloru: Böyük Qayıdış kontekstində folklor yaddaşının reaktuallaşdırılması” mövzusunda məruzə ilə çıxış edib. O, Qarabağ folklorunun bərpası, sistemləşdirilməsi və müasir dövrdə yenidən cəmiyyətə qazandırılması proseslərindən bəhs edib, folklorun Böyük Qayıdış siyasəti ilə necə vəhdət təşkil etdiyini vurğulayıb.

Qeyd edək ki, konfrans çərçivəsində Qarabağ Universitetində AMEA-nın rəhbər heyəti və əməkdaşları tərəfindən müxtəlif ixtisaslar üzrə mühazirələr deyilib.


Daha çox Xəbərlər