
Xəbərlər
Qarabağ Universitetində “COP Simulyasiya Konfransı” işə başlayıb
Qarabağ Universitetində 26-27 aprel tarixlərində Qoşulmama Hərəkatı Gənclər Təşkilatı (QHGT) və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Simulyasiya Konfransı öz işinə başlayıb.
Tədbirin keçirilməsində məqsəd COP29-un əsas mövzuları haqqında gəncləri maarifləndirmək, onların iqlim fəaliyyətində iştirakını artırmaq və iştirakçılar arasında ünsiyyət və ictimai nitq bacarıqlarının inkişafını təşviq etməkdir.
Açılış mərasimində çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov yeni təsis olunmuş universitetdə ötən il ölkəmizin ev sahibliyi etdiyi iqlim konfransının simulyasiyasının keçirilməsinin əhəmiyyətindən danışıb. Rektor qeyd edib ki, regionda keyfiyyətli təhsil mərkəzi kimi formalaşan Qarabağ Universitetində “COP Simulyasiya Konfransı” kimi beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi tələbələr üçün böyük bir təcrübə platformasıdır. Ş.Bayramov konfransın işində bütün iştirakçılara uğurlar arzulayaraq tədbirin müsbət nəticələrinə inandığını ifadə edib.
Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini və COP29-un baş danışıqçısı Yalçın Rəfiyev Azərbaycanın uğurlu COP29 təcrübəsindən bəhs edib və bu xüsusda, Azərbaycan Sədrliyindən xüsusi gözlənti olan iqlim maliyyəsi üzrə qərarın qəbul edilməsinin əhəmiyyətini vurğulayıb. Nazir müavini ötən ilin noyabrında Bakıda keçirilmiş COP29-da əldə olunan mühüm nəticələri, o cümlədən öz təcrübələrini gənclərlə bölüşüb.
Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli çıxışında iqlim dəyişikliyinin təsirlərindən söz açaraq bildirib ki, gənc nəsil bu məsələnin həllində əsas iştirakçılardan olmalıdır. M.Kərimli qeyd edib ki, təhsil iqlim dəyişikliyi ilə mübarizədə ən güclü vasitədir və bununla bağlı biliklərin gündəlik öyrənmə metodunun bir hissəsinə çevrilməsi istiqamətində addımlar atılır. Aparat rəhbəri vurğulayıb ki, Konfransın Qarabağ Universiteti kimi strateji bir məkanda keçirilməsinin özü də gələcəyə ümid və birlik mesajı verir.
Açılış mərasimində QHGT-nin sədri və COP29-un iqlim üzrə gənclər çempionu Leyla Həsənova gənclərə iqlim dəyişikliyi ilə mübarizədə innovativ fikirlər və dayanıqlı həllərlə çıxış etməyə çağırış edib. Sonra İƏT-in Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin baş direktoru Rafiq İsmayılov gəncləri konfrans müddətində aktiv iştirak etməyə çağırıb.
Daha sonra konfransın açılış mühazirəsi ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov gənclərə sülh və iqlim sahəsində ölkəmizin təşəbbüsləri, COP29 zamanı qəbul edilmiş İqlim və Sülh fəaliyyətləri üzrə Bakı çağırışı haqqında geniş məlumat verib. Qarabağın işğalı dövründə bu ərazilərin ekoloji dağıntı və kütləvi mina çirklənməsinə məruz qaldığını xatırladan səfir məhz Azərbaycanın birtərəfli şəkildə münaqişənin həll etdiyinin ümumbəşəri əhəmiyyətli bu unikal təbiət bölgəsinin də ekoloji baxımdan qorunmasına yol açdığını xüsusi vurğulayıb.
Konfrans çərçivəsində İƏGF Avrasiya Regional Mərkəzi və Qoşulmama Hərəkatı Gənclər Təşkilatı arasında əməkdaşlıq haqqında “Xankəndi Anlaşma Memorandumu” imzalanıb.
Açılış mərasiminin ardından Simulyasiya Konfransı öz işini plenar iclaslar formatında davam etdirib.
Qeyd edək ki, ikigünlük konfransda tələbələr müxtəlif ölkələrin nümayəndə heyətləri, beynəlxalq təşkilat və media nümayəndələri kimi müxtəlif rollarda çıxış edəcəklər.