Qarabağ Universitetində “Heydər Əliyev və suveren Azərbaycan” mövzusunda konfrans keçirilib

aprel 14, 2025

Aprelin 14-də Baş Prokurorluq və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Qarabağ Universitetinin tərəfdaşlığı ilə “Heydər Əliyev və suveren Azərbaycan” mövzusunda konfrans keçirilib.
 

Konfransda Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, baş prokuror Kamran Əliyev, elm və təhsil naziri Emin Əmrullayev, dövlət rəsmiləri, gənc tədqiqatçılar və media təmsilçiləri iştirak ediblər. 
 

Konfransdan əvvəl ulu öndər Heydər Əliyevin büstü ziyarət edilərək önünə gül dəstələri qoyulub. 
 

Daha sonra konfrans iştirakçıları Qarabağ Universitetinin kitabxanası, kriminalistika otağı və digər tədris avadanlıqları ilə tanış olublar. Baş Prokurorluq tərəfindən kitabxana fonduna yeni kitablar hədiyyə edilib.
 

Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 
 

Qarabağ Universitetinin rektoru Şahin Bayramov tədbirdə açılış nitqi ilə çıxış edərək qonaqları salamlayıb və bildirib ki, müasir Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevə həsr olunan konfransın Qarabağ Universitetində keçirilməsi böyük qürurdur. Rektor vurğulayıb ki, Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunan suverenliyimizi bərpa etməklə Konstitusiyamızın bütün ölkə ərazisində tətbiqinə nail oldu. Ş.Bayramov həmçinin Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış Qarabağ Universitetinin bölgədə ekosistemin formalaşmasında əsas aktorlardan biri olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Çıxış edən elm və təhsil naziri Emin Əmrullayev Qarabağ Universitetinin Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpasından sonra yaradılan ilk universitet olduğunu xatırladıb. Növbəti illərdə Qarabağ Universitetinin 10 fakültəsinin fəaliyyət göstərəcəyini bildirən nazir əlavə edib ki, 2030-cu ilə qədər universitetin musiqi fakültəsi Şuşada, kənd təsərrüfatı fakültəsi isə Xocalıda fəaliyyətə başlayacaq.
 

Çıxış edən baş prokuror Kamran Əliyev tədbirin məhz Xankəndidə keçirilməsinin xüsusi önəm daşıdığını bildirib və qeyd edib ki, bu konfrans suverenliyin tam bərpasının, hüquqi dövlət quruculuğunun və qanunun aliliyinin təcəssümüdür.
 

Baş prokuror Kamran Əliyev Qarabağ Universitetində hüquq ixtisasının tədrisinin başlanmasını yüksək qiymətləndirərək qeyd edib ki, bu, regionda hüquqi şüurun formalaşdırılmasına və gələcək hüquqşünas kadrların hazırlanmasına xidmət edəcək. O əlavə edib ki, bu təşəbbüs suverenliyin bərpası ilə paralel həyata keçirilən vacib addımdır. Baş prokuror Qarabağ Universitetinin tələbələrinə dövlətçiliyin əsasları, hüquq sisteminin rolu və gənclərin bu prosesdə iştirakı barədə tövsiyələrini də verib. Kamran Əliyev tələbələri hüquqi biliklərini daim artırmağa, qanunun aliliyini rəhbər tutmağa, insan hüquq və azadlıqlarının müdafiəsinə sadiq qalmağa səsləyib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov çıxış edərək Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində əldə olunan nailiyyətlərdən bəhs edib. Prezidentin xüsusi nümayəndəsi bildirib ki, Ümumilli Lider Heydər Əliyev suveren Azərbaycanı Qarabağsız və onun tacı olan Şuşasız təsəvvür etmirdi. E.Yusubov əlavə edib ki, Ulu Öndərin böyük coşqu ilə sevdiyi Qarabağda və Şərqi Zəngəzurda bu gün həyat yenidən canlanır, şəhərlər, kəndlər, qəsəbələr abadlaşır, bu torpaqların əzəli sahibləri sülh şəraitində əbədi yaşamaq üçün doğma yurdlarına qayıdırlar.


Çıxış edən digər qonaqlar ümummilli lider Heydər Əliyev və onun davamçısı Ali Baş Komandan İlham Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən danışıblar.


Daha sonra tələbələr Kamran Əliyev və Emin Əmrullayevə müxtəlif suallar ünvanlayıblar.
 

Konfrans çərçivəsində Qarabağ Universiteti ilə ECOLEAD layihəsinə tərəfdaş olaraq qoşulmaq üçün memoranduma əlavə imzalanıb. Qeyd edilib ki, memoranduma əlavə ətraf mühitin mühafizəsi əleyhinə törədilmiş qeyri-qanuni əməllərin araşdırılması, bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması, toplanmış bilik və məlumatların paylaşılması, öz səlahiyyətləri daxilində funksiyalarını daha operativ və səmərəli icra etmək üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə imzalanıb. 
 

Sonda xatirə fotosu çəkdirilib.

Daha çox Xəbərlər