Qarabağ Universitetinin tələbələri üçün “Müxtəlif mühitlərdə tibbi və psixoloji dayanıqlılıq” mövzusunda seminar keçirilib

mart 07, 2025

Qarabağ Universitetinin tələbələri üçün Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının (AKHA) təşkilatçılığı ilə “Müxtəlif mühitlərdə tibbi və psixoloji dayanıqlılıq” mövzusunda seminar keçirilib.
Tədbirin əsas məqsədi tələbələrin motivasiya, adaptasiya və stressin idarə edilməsi kimi mühüm mövzularda bilik və bacarıqlarının artırılması olub.
Tədbirdə Qarabağ Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytən Quliyeva açılış nitqi ilə çıxış edərək bildirib ki, Qarabağ Universiteti tələbə gənclərin inkişafı, onların sağlam və bilikli vətəndaşlar kimi yetişməsi istiqamətində həyata keçirilən bütün faydalı təşəbbüslərə və əməkdaşlıqlara önəm verir.
Seminarda AKHA sədri Oktay Mehdiyev layihənin əhəmiyyətindən danışaraq Qarabağ Universitetində belə təşəbbüslərin keçirilməsinin bölgədə səhiyyə və psixoloji dəstəyin inkişafına töhfə verəcəyini vurğulayıb. Daha sonra Aytəkin Haşımova layihənin mahiyyəti, seminarın proqramı və tədris olunan modullar haqqında geniş məlumat təqdim edib.
Seminarda çıxış edən psixoloq Ramidə Oktayqızı isə motivasiya, adaptasiya və stressin idarə edilməsi kimi mühüm mövzulara toxunub. O, iştirakçılara müxtəlif sosial və peşə mühitlərində psixoloji dayanıqlılığın qorunması üçün praktik üsullar təqdim edib.
İki gün davam edən tədbirdə iştirakçılar müxtəlif interaktiv müzakirələr aparıb, psixoloji və peşəkar inkişaf üçün vacib biliklər əldə ediblər.

Daha çox Xəbərlər