
Xəbərlər
Qarabağ Universitetinə tələbə qəbuluna dair təbliğat görüşlərinə start verilib
İlk görüşümüz Qarabağ Regional Təhsil İdarəsinin (RTİ) Bərdə rayonu üzrə Təhsil sektorunun ümumtəhsil müəssisələrindən məzun olan və buraxılış imtahanlarında yüksək bal toplayan abituriyentlərlə keçirilib.
Bərdə şəhərində baş tutan tədbirdə şagirdlərin valideynləri, Qarabağ RTİ-nin rəhbər şəxsləri və məktəb direktorları da iştirak ediblər.
Görüşdə Qarabağ Universitetinin yaradılmasının və fəaliyyətə başlamasının yaratdığı qürur hissləri, qarşıya qoyulan əsas hədəflər və vəzifələr, universitetin akademik məzmunu və tədqiqat potensialı, tələbələri gözləyən maraqlı və məzmunlu universitet həyatı, reallaşdırılacaq sosial fəaliyyətlər, universitetin müasir infrastrukturu və laboratoriya bazası, tələbələr üçün təqdim olunan təqaüd və mənzil tipli yataqxana imkanları və digər məsələlər barədə ətraflı məlumat verib.
Qarabağ Universitetinin dekanı Kəklik Gözəlova tələbə qəbulu aparılacaq ixtisaslar, qabaqcıl dünya universitetlərinin təcrübəsi əsasında dizayn olunan tədris proqramları, cəlb olunacaq akademik heyət, reallaşdırılması nəzərdə tutulan tədqiqat fəaliyyətləri, tətbiq olunacaq yeni tədris texnologiyaları və digər mövzular haqqında təqdimat edib.
Çıxış edən şagirdlər Qarabağ Universitetinin tələbəsi adını qazanmaqda maraqlı olduqlarını vurğuladılar, valideynlər yaradılan imkanlardan faydalanmaq arzularını ifadə ediblər.