Nərgiz İsmayılova

Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor


Nərgiz Arif qızı İsmayılova 1988-ci ildə Bakı şəhərində anadan olub.


1995-2006-cı illərdə Bakı şəhəri Suraxanı rayonu 275 saylı tam orta məktəbdə təhsil alıb. Bakalavriat təhsilini 2006-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Beynəlxalq ticarət ixtisası üzrə, magistratura təhsilini isə 2014-2016-cı illərdə illərdə Niderland krallığının Maastrixt Universiteti və ADA Universitetinin birgə “Executive MBA”  proqramı üzrə alıb. O, həmçinin London Biznes və Maliyyə məktəbinin (LSBF)  İdarəetmənin İnkişafı Proqramının məzunudur.


İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), “British Petroleum”, “SOCAR Downstream Management” və digər qurumların benefisiarı olduğu müxtəlif spektrli institusional quruculuq, təşkilati transformasiya sahəsində müxtəlif həcmli proqram və layihələrin idarə olunması üzrə 10 ildən artıq təcrübəyə malikdir. O, həmçinin İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO), Dünya Bankı və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi kimi beynəlxalq təşkilatlar tərəfindən icra olunan layihələrdə həm ekspert, həm də layihə rəhbəri qismində çıxış edib.


Müxtəlif illərdə ASAN və DOST könüllülərinə Layihə portfelinin idarə olunması üzrə təlimlər verib, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Regional İnkişaf İctimai Birliyi, "Wowoman" platforması və digər qurumların qadınların şəxsi və peşəkar inkişafı, onların məşğulluğuna dəstək layihələrində ekspert, təlimçi və spiker olaraq fəaliyyət göstərib.


2-ci “Yüksəliş” müsabiqəsinin qalibi olub, Təhsilin İnkişafı Fondunun (TİF) Layihələrin idarə olunması şöbəsinin müdiri və TİF-in İdarə Heyətinin sədr müavini vəzifələrində çalışıb.


Elm və təhsil nazirinin 29 iyul 2024-cü il tarixli müvafiq əmri ilə Qarabağ Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru vəzifəsinə təyin edilib.