
Rəhbərlik
Fariz Əhmədov
Elm və İnnovasiya məsələləri üzrə prorektor, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Fariz
Saleh oğlu Əhmədov 1983-cü ildə anadan olub. 1999-2003-cü illərdə Azərbaycan
Dövlət İqtisad Universitetinin (UNEC) Biznesin Təşkili və İdarə Edilməsi
(TUDİFAK) ixtisası üzrə bakalavriat təhsili alıb. 2003-2005-ci illərdə Türkiyənin
Sakarya Universitetinin Sosial Elmlər İnstitutunda İdarəetmə və Təşkilatlandırma
ixtisası üzrə magistratura təhsili alıb, 2006-2010-cu illərdə isə həmin
universitetdə doktorantura təhsili alıb. "Azərbaycanın Milli Rəqabət Gücü:
TOWS Matrisi və Almaz Modeli ilə Bir Analiz" mövzusunda dissertasiya işini
müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2016-cı
ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası
tərəfindən dosent elmi adını alıb və Azərbaycan Respublikasının Prezidenti
yanında Elmin İnkişafı Fondunun “2016-cı ilin gənc alimi” müsabiqəsinin qalibi
olub. 2020-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirinin əmri ilə “Azərbaycan
Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib, həmçinin səmərəli
elmi-pedaqoji və idarəetmə fəaliyyətlərinə görə ADİU-da fəxri fərmanlarla təltif
olunub. Dünyanın
nüfuzlu elmi platformalarında (Web of Science, SCOPUS) indekslənən jurnallarda
10-dan çox, digər beynəlxalq elmi jurnallarda isə 40-dan çox elmi məqalənin müəllifidir.
Həmçinin dünyanın müxtəlif ölkələrində keçirilən elmi konfranslarda 30-dan çox
məruzə ilə çıxış edib. Bir çox nüfuzlu elmi konfransların və elmi jurnalların
(Web of Science, SCOPUS, Econlit, və s.) elm və təşkilat komitələrinin üzvü və
sədridir. 2019-cu ildə 9th International Conference on Lifelong Education and
Leadership for All (ICLEL) konfransının sədri olub. O, həmçinin İqtisadiyyat və
İdarəetmə sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransının (ISCEMR) təsisçisidir.
ERASMUS, Mevlana və bir çox mübadilə proqramları ilə dünyanın bir sıra xarici
universitetlərində mühazirələr oxumuş və staj keçmişdir. “Strateji
İdarəetmə”, “Tədqiqat Metodları” və “Biznesdə Strateji İdarəetmə”, “Keyfiyyət
İdarəetmə Sistemi” adlı kitabların həmmüəllifi, Türkiyədə nəşr olunan “Ulusal
Rekabet Gücü Teorileri ve Ölçülmesi” monoqrafiyasının müəllifi, “Qlobal
İqtisadiyyatda Yeni İstiqamətlər”, “Türk Dünyasında Yeşil və Dönüşüm Ekonomisi:
Geçiş İçin Yol Haritası” və “Exploring The Green Economy: Issues, Challenges,
and Benefits” adlı kitabların elmi redaktoru olub. Bundan əlavə, “Qarabağ və Şərqi
Zəngəzurun İqtisadi İnkişafında İnvestisiyaların Rolu”, “Qarabağ və Şərqi Zəngəzurun
İqtisadi Potensialının Sektoral Qiymətləndirilməsi”, “Qarabağda Biznes Mühiti və
Kiçik və Orta Biznesin İnkişafı”, “Rəqəmsal Marketinq və Sosial Media”,
“Elektron Ticarət və Elektron İxracat”, “Bir Əsrin İqtisadi Portreti”, “Yaşıl
İqtisadiyyat”, “Yaşıl İqtisadiyyat və Dayanıqlı İnkişaf”, “UNEC Elmmetrik Göstəricilər”
adlı kitabların layihə rəhbəri və ideya müəllifidir. Həmçinin dünyaca nüfuzlu
iqtisadçı alimlər Michael P. Todaro və Stephen C. Smith tərəfindən yazılmış
“İqtisadi İnkişaf” kitabının 13-cü nəşrinin SOCAR Midstream Operations şirkətinin
dəstəyi ilə Azərbaycan dilinə tərcüməsinin elmi redaktoru və layihə rəhbəri
olub. O, həmçinin bir tədris metodiki vəsaitinin və 5 tədris proqramının müəllifidir.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə SABAH
magistratura səviyyəsində Elektron Kommersiya ixtisası layihəsinin rəhbəri
olub. 2022-2025-ci illərdə FD 1.11, 5302.01 - Ekonometriya, İqtisadi
Statistika, 5303.01 - Mühasibat Uçotu, 5304.01 - İqtisadi Fəaliyyət Növləri,
5310.01 - Dünya İqtisadiyyatı dissertasiya şurasının sədr müavini olub. Dünya
Bankı, UNDP, Erasmus+ layihələri ilə yanaşı, Azərbaycan Respublikası Elm və Təhsil
Nazirliyi, “SOCAR Midstream Operations”, Paşa Holdinq, BP, UNDP, Trendyol,
KOBİA, Veysəloğlu şirkətlər qrupu və digər qurumlar tərəfindən dəstəklənən
layihələrdə rəhbər və koordinator vəzifələrində çalışıb.
Elmi
fəaliyyətinə Sakarya Universitetinin Sosial Elmlər İnstitutunda elmi işçi kimi
başlayıb və şəhərlərin brendləşməsi sahəsində aparılan müxtəlif elmi layihələrdə
iştirak edib.
Pedaqoji
və idarəetmə fəaliyyətini Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU)
davam etdirib. 2010-2014-cü illərdə ADİU-nun Türk Dünyası İqtisadiyyat Fakültəsində
müəllim, baş müəllim, dosent və kafedra müdiri müavini, 2014-2017-ci illərdə isə
Universitetin İqtisadiyyat və İdarəetmə kafedrasının müdiri vəzifələrində
çalışıb. 2017-2023-cü illərdə ADİU-nun Beynəlxalq Magistratura və Doktorantura
Mərkəzinin direktoru, 2023-2024-cü illərdə isə ADİU-da Elm və İnnovasiya məsələləri
üzrə prorektor olub.
2024-cü
ilin 29 iyul tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin
müvafiq əmri ilə Qarabağ Universitetinin Elm və İnnovasiya məsələləri üzrə
prorektor vəzifəsinə təyin edilib.