
Rəhbərlik
Şahin Bayramov
Rektor, iqtisad üzrə fəlsəfə doktoru, dosent
Şahin Vaqif oğlu Bayramov 1979-cu il iyulun 4-də anadan olub. 1996-cı ildə Mingəçevir şəhər Təbiət, Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyini bitirib.
2003-2006-cı illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi (indiki İqtisadiyyat Nazirliyi) nəzdində həyata keçirilən Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması üzrə bir sıra beynəlxalq layihələrdə yerli ekspert qismində çalışıb. Azərbaycan Respublikasının ÜTT-yə üzv olması üzrə Danışıqlar Qrupunun üzvü qismində ABŞ, Avropa İttifaqı, Yaponiya, Avstraliya, Türkiyə və digər ölkələrlə ikitərəfli və çoxtərəfli ticarət danışıqlarında iştirak edib.
2005-ci ildə ADİU-nun doktoranturasına qəbul olub. 2011-ci ildə Dünya iqtisadiyyatı ixtisası üzrə “Avropa İttifaqının qonşuluq siyasəti və Azərbaycanın Avropa iqtisadi məkanına inteqrasiyası perspektivləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib, 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2005-ci ilin yanvarından 2016-cı ilin sentyabr ayınadək ADİU-nun “Beynəlxalq iqtisadi münasibətlər” kafedrasında baş laborant, müəllim, baş müəllim və dosent vəzifələrində çalışıb. Eyni zamanda, 2005-2009-cu illərdə ADİU-nun Biznesin idarə edilməsi üzrə magistr (MBA) proqramında menecer, 2009-2011-ci illərdə Distant və əlavə təhsil mərkəzində şöbə müdiri vəzifələrində çalışıb.
2009-cu ildə ABŞ Dövlət Departamentinin “Gənc Müəllimlərin İnkişafı Proqramı”nın İqtisadiyyat ixtisası üzrə təhsil alıb.
2006-2014-cü illərdə Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin eksperti, eləcə də “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikası Qanunlarının layihələrinin hazırlanması üzrə İşçi Qruplarının üzvü olub.
2012-2017-ci illərdə ADİU-nun Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru vəzifəsində çalışıb.
2015-ci ildə ABŞ Dövlət Departamentinin “Fulbright” təqaüdü çərçivəsində Beynəlxalq Təhsil İnstitutu tərəfindən həyata keçirilən “Hubert H. Humphrey” Proqramının qalibi seçilməklə ABŞ-də peşəkar inkişaf təlimlərinə qatılıb.
2015/2016-cı tədris ilində Pensilvaniya Dövlət Universitetinin Təhsil Kollecində “Ali təhsilin idarə edilməsi və akademik liderlik” ixtisası üzrə təhsil alıb. Bu proqram çərçivəsində həmçinin Kornell Universitetində 6 həftəlik təcrübədə iştirak edib. ABŞ-də təhsil aldığı müddətdə ali təhsilin idarəedilməsi, akademik liderlik, universitet menecmenti, böhran şəraitində akademik idarəetmə, qərarların qəbul edilməsi, kadr potensialının idarə olunması, danışıqların aparılması və digər mövzularda çoxsaylı peşəkar təlimlərə və forumlara qatılıb.
2011-2017-ci illərdə ADİU-da fəaliyyət göstərən “ÜTT İstinad Mərkəzi”nin və “Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) Fundamental Kitabxanası”nın meneceri, eləcə də “BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) Virtual İnstitutu”nda ADİU-nun koordinatoru olub.
2017-2019-cu illərdə Azərbaycan Respublikasının Təhsil Nazirliyində (indiki Elm və Təhsil Nazirliyi) Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini vəzifəsində çalışıb.
Müxtəlif dövrlərdə Azərbaycan, Türkiyə, Yaponiya, İsveçrə, ABŞ, Almaniya, Fransa, Birləşmiş Krallıq, Avstriya, Belçika, Macarıstan, Çin, Gürcüstan və digər ölkələrdə ali təhsilin idarə olunması, universitet idarəçiliyi, akademik liderlik, Bolonya prosesi, Avropa Ali Təhsil Məkanı, kurikulumların tərtibi, ÜTT, Avropa İttifaqı və s. mövzularda çoxsaylı beynəlxalq seminar və təlimlərdə iştirak edib, çoxsaylı beynəlxalq konfrans, forum və simpoziumlarda ali təhsilin, Azərbaycan iqtisadiyyatının, Avropa İttifaqı və qlobal iqtisadiyyatın müxtəlif məsələlərinə dair məruzələrlə çıxış edib.
Ali təhsildə idarəetmə, ali təhsilin beynəlmiləlləşməsi, universitetlərin beynəlxalq reytinq siyahıları, ali təhsildə multikulturalizm, Avropa İttifaqı çərçivəsində iqtisadi inteqrasiya prosesləri, beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu, Azərbaycan iqtisadiyyatının Avropa məkanına inteqrasiyası, davamlı iqtisadi inkişaf və digər mövzulara həsr olunmuş 40-dan artıq elmi məqaləsi və tezisi Azərbaycan, ABŞ, Avstriya, İsveçrə, Türkiyə, Latviya, Ukrayna, Qazaxıstan və digər ölkələrin elmi jurnallarında, elmi-praktiki konfrans məcmuələrində və publisistik nəşrlərdə çap olunub.
2013-2017-ci illərdə “Beynəlxalq əlaqələr sahəsində universitet idarəçiliyinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi” mövzusunda Avropa İttifaqının TEMPUS Layihəsinin müəllifi və qrant meneceri olub. “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) mövzusunda Erasmus+ layihəsinin rəhbəri olub.
Avropa İttifaqının Erasmus+ layihələrində Elm və Təhsil Nazirliyinin koordinatoru, Avropa Ali Təhsil Məkanı (EHEA) Bolonya İşçi Qrupunun (BFUG) Azərbaycan üzrə ölkə koordinatoru, BFUG-nin Qlobal Siyasət Dialoqu Komitəsinin üzvü olub, “Azərbaycanda Ali Təhsil Sisteminin İnkişafına Dəstək” Tvinninq Layihəsinə rəhbərlik edib.
Beynəlxalq Universitetlər Assosiasiyasının (IAU) İdarə Heyətinin üzvü, Çinin Lanzhou Maliyyə və İqtisad Universitetinin və Qırğız İqtisad Universitetinin fəxri professorudur.
Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2019-cu il tarixli Sərəncamı ilə Mingəçevir Dövlət Universitetinin rektoru təyin edilib və 20 may 2024-cü il tarixinədək bu vəzifədə çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 20 may 2024-cü il tarixli Sərəncamı ilə Qarabağ Universitetinin rektoru təyin edilib.