Təhsil proqramları
Humanitar və sosial elmlər fakültəsində yer alan ixtisaslar - hüquqşünaslıq, Beynəlxalq münasibətlər, Tarix, Psixologiya ixtisasları - üzrə təhsil proqramları qabaqcıl beynəlxalq təcrübə və əmək bazarının tələblərinə uyğun hazırlanmışdır.

Bakalavr dərəcəsinin tələbləri 4 (dörd) bölmədən ibarətdir və 240 AKTS təşkil edir.

Ümumi fənlər - 30 kredit
• İntensiv ingilis dili 1 (6 kredit)
• İntensiv ingilis dili 2 (6 kredit)
• Praktiki ingilis dili (6 kredit)
• Azərbaycan dilində kommunikasiya bacarıqları (6 kredit)
• Azərbaycan tarixi və mədəniyyəti (6 kredit)

İxtisas fənləri – 150 kredit

İxtisas seçmə fənləri – 30 kredit

Təcrübə və layihə – 30 kredit
• Karyera planlaması və yumşaq bacarıqlar (Beynəlxalq münasibətlər, Tarix və Psixologiya ixtisaslarında) (6 kredit)
• Hüquqi yazı (Hüquqşünaslıq ixtisasında) (6 kredit)
• Təcrübə (6 kredit)
• Buraxılış layihəsi üzrə təklif (6 kredit)
• Buraxılış layihəsi (6 kredit)

Tarix

"Tarix" ixtisası qədim sivilizasiyalardan müasir dövrə qədər geniş tarixi dövrləri əhatə edir və tələbələrə Azərbaycan, Türk xalqları, Avropa, Amerika, Asiya və Afrika ölkələrinin tarixini dərindən öyrənmək imkanı verir. Tələbələr ilkin mənbələrin təhlili, tənqidi düşünmə və şərh bacarıqlarını inkişaf etdirir, tarixi prosesləri qlobal miqyasda anlamağa yönəlmiş dərslər alırlar. Proqram tələbələrin mədəniyyətlərarası əlaqələri və hadisələrin qarşılıqlı təsirlərini araşdırmasına imkan yaradır. Təhsil müddətində tələbələr həmçinin tədqiqat bacarıqlarını gücləndirir və müstəqil layihələr üzərində işləyərək analitik düşünmə qabiliyyətlərini dərinləşdirirlər.

Psixologiya

“Psixologiya” ixtisası üzrə təhsil alan tələbələr insan davranışı, zəkası, təfəkkür, təxəyyül, motivasiya və emosiyalarına dair dərin biliklərə yiyələnir, müxtəlif psixoloji kontekstlərdə eksperimental və tətbiqi tədqiqat, qiymətləndirmə, konsultasiya və müdaxilə üçün zəruri bacarıqlar əldə edirlər. Təhsil müddətində tələbələr, həmçinin sosial münasibətlər, peşəkar etika və mədəni müxtəliflik məsələlərinə həssaslıq göstərməyi öyrənirlər. Proqram, nəzəri biliklərlə praktik təcrübəni birləşdirərək, məzunlara geniş iş imkanları və peşəkar inkişaf perspektivləri təqdim edir.

Hüquqşünaslıq

“Hüquqşünaslıq” ixtisası üzrə təhsil alan tələbələr milli və beynəlxalq hüququn əsasları, hüquq sistemləri, mülki, mülki-prosessual, cinayət, cinayət-prosessual, inzibati və inzibati-prosesual hüquq üzrə dərin biliklərə yiyələnir, hüquqi yazı, analitik və tənqidi düşüncə bacarıqlarını inkişaf etdirirlər. Tədris prosesində nəzəri biliklər praktiki hüquq bacarıqları ilə birləşdirilir, tələbələr məhkəmə prosesi, hüquqi tədqiqat və mübahisələrin həlli üzrə biliklərə yiyələnirlər. Peşəkar professor-müəllim heyətimizin təcrübəsi tələbələrə hüquq peşəsinin tələblərinə uyğun şəkildə formalaşmağa və ədalətin qorunmasına töhfə verməyə imkan yaradır. Məzunlarımız dövlət və özəl sektorda hüquqşunas, vəkil, hakim, prokuror kimi uğurlu karyera qurmaq üçün hərtərəfli hazırlığa malik olurlar.

Beynəlxalq münasibətlər

“Beynəlxalq münasibətlər” ixtisası tələbələrə siyasət, tarix, iqtisadiyyat, hüquq kimi müxtəlif sahələri əhatə edən holistik və interdissiplinar yanaşma ilə geniş biliklər təqdim edir. Proqram çərçivəsində tələbələrimiz müasir beynəlxalq münasibətlər sistemində baş verən proseslər barəsində dərin biliklər əldə edir, beynəlxalq münasibətlər sisteminin aktorları arasında mövcud ikitərəfli və çoxtərəfli əlaqələri təhlil edə bilirlər.İxtisas üzrə tələb olunan biliklərlə yanaşı, proqram həm də tələbələrdə tənqidi düşüncə, tədqiqat və analitik bacarıqları inkişaf etdirir, onları əmək bazarının tələblərinə uyğun mütəxəssis kimi karyeraya hazırlayır. Tələbələrin nəzəri bilikləri praktiki bacarıqlarla birləşdirməsinə dəstək olmaq üçün dünyanın nüfuzlu ali təhsil müəssisələrindən məzun olmuş professor-müəllim heyəti və təcrübəli mütəxəssislər tədrisə cəlb olunur. Proqramın məzunları dövlət və özəl sektorun müxtəlif sahələrində, eləcə də beynəlxalq təşkilatlarda uğurlu karyera qura bilərlər.